22-23 sentyabr 2022-ci il tarixində AMEA-nın Əsas binasında “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AMEA-nın təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfrans “Zoom” plaforması üzərindən onlayn formada paralel seksiya iclasları üzrə keçirilib.

Paralel seksiya iclasları “Qarabağın ekosistemləri, flora, fauna, mikobiota müxtəlifliyi, dərman əhəmiyyətli bioresursları, onların bərpa, mühafizə və səmərəli istifadə məsələləri”, “Qorunan ərazilər, qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, “Genetik ehtiyatlar, akvamüxtəliflik və akvakulturanın inkişaf perspektivləri. Ərzaq təhlükəsizliyi məsələləri”, “İşğaldan azad edilmiş ərazilərdə su və torpaq ehtiyatlarının bərpası, səmərəli istifadəsi, kənd təsərrüfatı tədqiqatları” və “Biotəhlükəsizlik, herontoloji tədqiqatlar, ekoturizm, yaşıl iqtisadiyyat” istiqamətlərini əhatə edib.

Məruzə və çıxışlarda Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ ərazisinin ən müxtəlif problemlərinin araşdırılması ilə bağlı aparılmış elmi tədqiqatlardan, ərazinin ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün həyata keçirilmiş monitorinqlərdən, eləcə də bu bölgənin biomüxtəlifliyinin bərpası istiqamətində görüləcək işlərdən bəhs edilib.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru b.e.d., professor Ulduz Həşimova, icraçı direktor, f.-r.e.d., professor Əhməd Hacıyev, b.e.d. Arif Mehdiyev, b.ü.f.d., dosent Leyla Qədirova, b.ü.f.d., dosent Nazəkat Əliyeva, b.ü.f.d., dosent Venera Xairova və b. konfransda elmi məruzə ilə çıxış ediblər.

science.gov.az

Loading