15-18 sentyabr 2022-ci il tarixində Sankt-Peterburqda Ümumdünya Ürək-Damar və Torakal Cərrahiyyə Cəmiyyətinin (WSCTS) 30-cu Konqresi və “Müasir ürək-torakal cərrahiyyədə aktual yanaşmalar” adlı 11-ci Beynəlxalq Konqres keçirilmişdir. Konqresdə dəvət edilmiş məruzəçi qismində akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova iştirak etmişdir. U.F.Həşimovanın “Melatonin və sirtuinlər qocalmanın və yaşla bağlı ürək-damar patologiyasının potensial biomarkerləri qismində” mövzusunda məruzəsi Konqresin molekulyar tibb və onun ürək-torakal patologiyada yeri və roluna həsr olunmuş xüsusi sessiyasında dinlənilmişdir. Məruzədə qocalma və yaşla bağlı xəstəliklərin etibarlı molekulyar biomarkerlər toplusunu hazırlamaq məqsədilə beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya İnstitutunun Sankt-Peterburq Molekulyar Tibb Mərkəzi ilə birgə aparılan Azərbaycanda populyasiya uzunömürlülük fenomeninin tədqiqinə dair Fiziologiya İnstitutunun beynəlxalq akademik layihəsinin nəticələri təqdim edilmişdir. Məruzə Konqres iştirakçılarının böyük marağına səbəb olmuş, Azərbaycan alimlərinin qocalmanın biologiyasının tədqiqinə dair apardığı tədqiqatlar yüksək qiymətləndirilmiş və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.

science.gov.az

Loading