Akademik Şamxal Tağıyev 1922-ci il martın 15-də indiki Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Yeddiillik məktəbi bitirdikdən sonra o, 1938-ci ildə Bakı feldşer məktəbinə qəbul olunmuşdur. Şamxal Tağıyev 1941-ci ildə həmin məktəbi qurtararaq orduya çağırılmış və faşizmə qarşı müharibədə iştirak etmişdir. Ordudan tərxis edildikdən sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olan Şamxal Tağıyev 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1950-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1953-cü ildə isə burada ali təhsilini başa vuraraq, həmin universitetin aspiranturasına qəbul olunmuşdur.

Əmək fəaliyyətinə 1947-ci ildə indiki Beyləqan rayonunda tibb məntəqəsinin müdiri kimi başlayan Şamxal Tağıyev 1956-cı ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda çalışmışdır. 1956-1963-cü illərdə böyük elmi işçi, 1963-cü ildən laboratoriya müdiri, 1970-1991-ci illərdə elmi işlər üzrə direktor müavini və 1991-1997-ci illərdə Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur. 1997-ci ildən etibarən isə o, Fiziologiya İnstitutunun müşaviri vəzifəsində çalışmışdır.

Şamxal Tağıyev 1956-cı ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Şamxal Tağıyev müxtəlif illərdə respublikada fiziologiya üzrə ixtisaslaşmış elmi şuraların sədri və Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti olmuşdur.

Şamxal Tağıyev respublikada və onun hüdudlarından kənarda insan və heyvan fiziologiyasına dair aktual problemlərin tədqiqi ilə məşğul olan alim kimi tanınmışdır. Fiziologiyanın bəzi sahələrində sistemli tədqiqatların aparılması alimin adı ilə bilavasitə bağlıdır. Alimin beynin tədqiqinin nəzəri əsaslarına, eləcə də beynin funksiyasının müxtəlif aspektlərinə həsr olunmuş əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun tədqiqatları 127 elmi əsərdə, o cümlədən 3 monoqrafiyada öz əksini tapmışdır. Şamxal Tağıyev bir çox beynəlxalq elmi konfrans, simpozium və konqreslərdə çıxış etmişdir.

Şamxal Tağıyevin yarım əsrdən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyəti səmərəli olmuşdur. O, uzun illər ərzində Azərbaycan Dövlət Universitetində mühazirələr oxumuş, yüksək ixtisaslı fizioloq kadrlarının yetişdirilməsi sahəsində uğurla çalışmışdır. Alimin rəhbərliyi ilə on beş namizədlik dissertasiyası müdafiə olunmuşdur.

İkinci dünya müharibəsinin iştirakçısı kimi Şamxal Tağıyev müharibənin ilk günlərindən sonunadək şərəfli cəbhə yolu keçmişdir. Onun vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmiş, o, orden və medallarla təltif edilmişdir.

azertag

Loading