Professor Ulduz Həşimova, Профессор Улдуз Гашимова

2023-cü il aprelin 25-da AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Novator alim, işıqlı şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə akademik Zərifə Əliyevanın ömür yoluna və çoxşaxəli elmi fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra görkəmli alim Zərifə Əliyevanın fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının 3 noyabr 2022-ci il tarixli Sərəncamı ilə respublika səviyyəsində görkəmli oftalmoloq-alimin fəaliyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, akademik Zərifə Əliyevanın elmi yaradıcılığından, onun tibb elminin inkişafındakı müstəsna xidmətlərindən söz açıb, alimin xatirəsinin qəlblərdə əbədi olaraq yaşayacağını bildirib.
AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək zəngin elmi irsi ilə Azərbaycan oftalmologiyasına mühüm töhfələr vermiş Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışıb.
A.İ.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova çıxış edərək Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyətinin Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildirib. Çıxış edən tanınmış oftalmoloq-alimin apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və fundamental əsərlərinin ölkəmizdə təkcə oftalmologiya sahəsinin deyil, ümumiyyətlə tibb elminin parlaq səhifələrini təşkil etdiyini qeyd edib.
Konfransda millət vəkili, biologiya elmləri doktoru Kamilə Əliyeva, Azərbaycan Tibb Universitetinin professor Tamfira Əliyeva, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb elmləri doktoru Rasim Hacıyev, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, AMEA-nın müxbir üzvü Novruz Quliyev və digərləri çıxış edərək görkəmli alimlə bağlı xoş xatirələrini bölüşüblər.

science.gov.az

Loading