22 oktyabr 2022-ci il tarixində Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, 52 il institutun elmi katibi işləmiş, kollektivimizin ürəyi, gözü Zemfira Fuad qızı Cəfərovanın anadan olmasının 90 ili və əmək fəaliyyətinin 60 ili tamam olur.
Zemfira Fuad qızı Cəfərova 1932-ci il oktyabrın 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirmiş, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya sektorunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə görkəmli fizioloq akademik Abdulla Qarayevin rəhbərliyi altında dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Zemfira xanım, 1 mart 1968-ci ildə Azərbaycan EA-nın Fiziologiya Sektorunun əsasında Fiziologiya İnstitutu təsis olunanda direktor akad. Abdulla Qarayevin təqdimatı ilə institutun elmi katibi vəzifəsinə təyin edilib və bu vəzifəni 2020-ci ilə qədər fasiləsiz, yüksək peşəkarlıqla, vicdanla icra edib, institutun elmi-təşkilati fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edib. Zemfira xanım paralel olaraq institutun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının elmi katibi kimi müvəffəqiyyətlə çalışmışdır. 250-yə yaxın doktorluq və namizədlik dissertasiyaları onun iştirakı ilə müdafiə olunmuşdur. 250 şəxsi iş, 250 insan taleyi onun əllərindən keçmişdir. Bu insanların minnətdarlığı, duaları yəqin ki, 90 ilin sağlam, xoşbəxt, şərəfli günlərində öz əksini tapıb.
Zemfira Cəfərovanın 60 illik əmək bioqrafiyası yalnız Fiziologiya İnstitutu ilə bağlı olmuşdur, bu müddətdə o, gördüyü bütün işlərə böyük məsuliyyətlə yanaşmış, cavabında institut kollektivinin daimi rəğbət və sevgisini qazanmışdır. Zemfira xanımın sözlərinə görə: “Mən ömrüm boyu yalnız və yalnız elm sahəsində fəaliyyət göstərərək, həmişə öz vəzifə və vətəndaşlıq borcumu dürüst və vicdanla yerinə yetirməyə, iş yerimdə ədaləti güdərək işgüzar şəraitin yaradılmasına, əməkdaşlarımla xeyirxah ünsiyyət qurulmasına çalışmışam”. Əlbəttə, Zemfira xanım çalışdığına, özü üçün məqsəd kimi qoyduqlarına nail olmuşdur!
Zemfira Cəfərova AMEA Rəyasət Heyətinin və Biologiya Elmləri Bölməsinin Fəxri Fərmanları, V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə Yubiley medalı, Əmək Veteranı medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti 2005-ci ildə onun “Tərəqqi” medalı ilə təltif edilməsi haqda sərəncam vermişdir.
Əziz Zemfira xanım! Sizə gələcək illərdə sağlam, məhəbbət və qayğı ilə dolu günlər arzu edirik. O gün olsun 100 yaşınızı böyük təntənə ilə qeyd edək!
Bir daha Şanlı Yubileyiniz mübarək!
physiology.az

Loading