Dekabrın 13-də AMEA-nın Əsas binasında akademik Hüseyn Həsənovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli fizioloq alim Hüseyn Həsənovun fiziologiya elminin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Azərbaycan fiziologiya elminin inkişafında akademik Hüseyn Həsənovun rolu” adlı məruzə ilə çıxış edib.
Daha sonra akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti, professor Ulduz Həşimova “Akademik Hüseyn Həsənovun həyat və yaradıcılığı” mövzusunda geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, akademik H.H.Həsənov elmi-tədqiqat fəaliyyətinə akademik A.İ.Qarayevin rəhbərliyi altında başlamış və bu tədqiqatların böyük hissəsini mərkəzi sinir sisteminin tənzimləmə mexanizmlərinin, xüsusilə orqanizmin daxili mühitinin, homeostazın tənzim edilməsindəki rolunun tədqiqi təşkil etmişdir. Akademik H.H.Həsənovun İnstituta rəhbərlik fəaliyyətinin səciyyəvi cəhəti kollektivin potensialının aktual və müasir istiqamətlərinin işlənib hazırlanmasına, fundamental problemlərin həllinə yönəltmək idi.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziologiya kafedrasının professoru Ədalət Fərəcov, Fiziologiya İnstitutunun Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, professor Əli Allahverdiyev, Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının müdiri, professor Fəxrəddin Əskərov, b.e.d. Xədicə İsmayılova və başqaları çıxış edərək akademik Hüseyn Həsənovun tükənməz yaradıcılıq enerjisinə, yüksək təşkilatçılıq qabiliyyətinə malik şəxs olduğunu, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr verdiyini söyləyiblər.
Alimin ailəsi adından çıxış edən Elxan Məlikov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Sonda akademik Hüseyn Həsənova həsr olunmuş film nümayiş etdirilib.

Loading